2018-ci ilin 25-26 oktyabr tarixlərində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Forum keçirilmişdir.

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Forumda Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti, özəl sektor və KİV təmsilçiləri iştirak etmişdir.

Forumun açılış mərasimində əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılmasına dair video-çarx nümayiş olunmuşdur.

Forumda çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov eyni gündə Bakıda Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə VI Humanitar Bakı Forumunun keçirildiyini vurğulamışdır. Bildirilib ki, bu mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu sahəyə göstərdiyi diqqətin göstəricisidir. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşən Əli Əhmədov ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində bütün qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd etmişdir. Bildirilib ki, ötən illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, son 15 ildə 2 milyondan çox yeni iş yeri açılıb, əldə olunmuş sosial-iqtisadi inkişafa uyğun olaraq, paytaxt Bakının və ölkə regionlarının siması tamamilə dəyişib. Dünyadakı qaçqın və məcburi köçkün probleminin həllinin vacibliyini və DİM-nə nail olunmasında önəmini qeyd edən Əli Əhmədov Azərbaycanın da qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdən olduğunu, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması nəticəsində soydaşlarımızın öz yurd-yuvasından didərgin düşdüyünü xatırladıb, qaçqınların həyat şəraitinin yaxşılaşması üçün Azərbaycan hökumətinin sistemli işlər gördüyünü, qaçqınların öz doğma torpaqlarına qayıtması məsələsinin hələ də öz həllini tapmadığını vurğulayıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxışında DİM-lərə çatmaq üçün görüləcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini qeyd edib. Bildirilib ki, 2030-cu ilədək DİM-lərin reallaşdırılması üçün milli yol xəritələrinin hazırlanması, müxtəlif qurumlar arasında fəaliyyətin daha geniş əlaqələndirilməsi bu məqsədlərə nail olunması baxımından önəmlidir. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan Qulam İshaqzai bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə bu sahədə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumu DİM-lərə dair müzakirələrin aparılması, “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlərə nail olunmasında önəmli platforma olacaqdır.

 

BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti İnqa Rhonda Kinq çıxışında DİM-nin reallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib, bu baxımdan qlobal əməkdaşlığın önəmini vurğulayıb.
Slovakiya Respublikasının Baş nazirinin müavini Riçard Raşi, Belarus Respublikasının Parlamentinin sədr müavini Marianna Şyotkina, BMT-nin Baş katibinin müşaviri Raşid Xalikov, BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski, video bağlantı ilə tədbirə qoşulan BMT-nin Baş katibinin müavini Olqa Alqayerova və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom çıxışlarında DİM-nə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib, DİM-lərin həyata keçirilməsi üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, bu sahədə Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirərərək Bakı Forumunun önəmini qeyd ediblər.
Sonra DİM-lər üzrə seçilmiş gənc səfirlərin təqdimatı olmuş, onlara sertifikatlar təqdim edilmişdir.
Forum “Davamlı, inkluziv və dayanıqlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək” mövzusunda sessiya ilə davam etmişdir. Sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, “Ernst and Young” Beynəlxalq Audit Şirkətinin nümayəndəsi Rikardo Giovannini, BMTİP/BƏT-in Məşğulluq üzrə regional məsləhətçisi Vesna Bişeva, İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, iqtisadiyyat, sosial və digər sahələrdə DİM-nə nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıblar.

 


Sessiyada dayanıqlı və inkluziv iqtisadi artımın təşviqinə, hər kəs üçün məhsuldar məşğulluğa və layiqli iş şəraitinin təmin olunmasına, qlobal və regional tərəfdaşlığın gücləndirilməsinə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində özəl şirkətlərin roluna dair müzakirələr aparılmışdır.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu” sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında parlament, vətəndaş cəmiyyəti, elmi təşkilatlar, özəl sektor, gənclər və digər sosial qrupların rolunun artırılmasına dair interaktiv müzakirələr aparılmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən sessiyada Belarus Respublikasının Parlament sədrinin müavini Marianna Şyotkina DİM-ə çatmaq istiqamətində həyata keçirilən institusional və digər tədbirlər barədə təcrübəni bölüşüb, Forumun DİM-lərə nail olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar Muradova DİM-ə nail olunması üçün Azərbaycanın bir sıra uğurlar əldə etdiyini, Foruma ev sahibliyi etməklə ölkəmizin bu hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini vurğulayıb, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

 

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Tahir Mirkişili, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzuya dair fikirlərini bildirib, iqtisadiyyat, gənclər və idman sahələrində həyata keçirilən tədbirlər, bu sahələr üzrə istiqamətlərdə DİM-lərin icrası barədə danışıblar.

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu” sessiyasında DİM-nin uğurlu icrası istiqamətində görülən işlər, BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu, DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasət Dəstəyi” (MAPS) platformasına dair müzakirələr aparılmışdır. BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenskinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, milli statistika sisteminin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin DİM-lərin icrasının monitorinqi və qiymətləndirilməsində də faydalı olacağını vurğulamışdır.

Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Çoxtərəfli Diplomatiya Baş İdarəsinin direktoru Larisa Belskaya DİM-lərə nail olunması üçün ölkəsinin təcrübəsini bölüşmüş,  Azərbaycanda DİM-lərə dair 17 gənc səfirin seçilməsi təcrübəsinin Belarusda da tətbiq oluna biləcəyini qeyd etmişdir.

 

Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa və BMT-nin İnkişaf Proqramının Avropa və MDB üçün Regional Bürosunun baş məsləhətçisi Ben Slayın mövzu ilə bağlı təqdimatları, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmakın, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin çıxışları dinlənilmışdir.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumunun “2030-ci ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri  təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusunda sessiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovanın moderatorluğu ilə keçirilmişdir. Sessiyada BMT-nin Hüquq, Təhlükəsizlik və Təşkilatlar üzrə Baş katibinin müavini Aleksandr Zuevin, Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Şeref Malkoçun, Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisanın, Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Askar Şakirovun, millət vəkili Elman Nəsirovun, Xarici İşlər Nazirliyinin Humanitar siyasət idarəsinin rəisi Əlimirzamin Əsgərovun mövzu ilə bağlı çıxışları dinlənilmiş, sülhpərvər cəmiyyətlərin, ayrıseçkiliyə yolverməyən qanunların təşviq və tətbiq edilməsinə dair fikir mübadiləsi aparılmışdır.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda təşkil olunmuş sessiyada DİM-lərin həyata keçirilməsində iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması, iqlimlə bağlı hədəflərin milli siyasətlərə və strategiyalara uyğunlaşdırılması sahəsində müsbət təcrübə, təmiz suyun səmərəli idarə olunmasının DİM-lərə nail olunmasında rolu, ətraf mühitin qorunması kimi məsələlər müzakirə olunmuşdur. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin moderatorluğu ilə keçirilən ssesiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, BMT-nin məsləhətçisi Katja Şefir, Cenevrə Universitetinin professoru, Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Azərsu” ASC-nin Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov çıxış və təqdimatlarında təmiz su və ətraf mühitin qorunmasına dair DİM-lərin önəmini diqqətə çatdırmış, ətraf mühitin qorunması, təbii sərvətlərdən və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, təmiz su və digər məsələlərə dair fikirlərini bölüşmüşdürlər.

Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin Baş katibinin müşaviri Raşid Xalikov və BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski ilə görüş keçirmişdir. Görüşlərdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilmiş, bu sahədə gələcək əməkdaşlığa və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılmışdır. Baş nazirin müavini Əli Əhmədovun Sudan Federal Hökumət Palatasının naziri Hamid Muhammed Elnar Ahmed ilə görüşündə isə hökumətlərarası əlaqələrin genişləndirilməsi, DİM üzrə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair müzakirələr aparılmışdır.

Tədbirin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilmişdir.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai yekun nitqlərində 2030-cu ilədək DİM-lərə nail olunmasının önəmini, bu sahədə regional tərəfdaşlığın gücləndirilməsinin və qlobal əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, Dayanıqlı İnkişafa dair Bakı Forumunun bu sahədə müzakirələrin aparılması, fikir və təcrübə mübadiləsi baxımdan önəmli platformalardan olduğunu diqqətə çatdırmışlar.